QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Bakıda əsən güclü külək yaşayış binalarının damlarındakı su çənlərini yerindən qoparıb. Həyətlərə düşən çənlər avtomobillərə və başqa əşyalara zərər vurub.

İlkin ehtimallara əsasən, bəzi binaların damında quraşdırılmış çənlər yetərincə möhkəm bərkidilmədiyi üçün külək zamanı yerindən tərpənərək aşağı düşür.

Bir neçə il əvvəl mətbuatda yaşayış binalarının damlarındakı sakinlərə məxsus su çənlərinin götürüləcəyi barədə məlumatlar dərc olunmuşdu. Bəzi binalarda çənlər sökülsə də, digərlərində su xəttindən ayrıldıqdan sonra damda qalıb. Bu vəziyyət küləkli havada təhlükə yaradır, çənlərin həyətə düşməsi isə sakinləri risk qarşısında qoyur.

Bakı Şəhər İcra Hakimiyyətinə göndərilən sorğuya cavab olaraq qurumun nümayəndəsi bildirib ki, çənlərin əvvəlki illərdə götürülməsi barədə qərarı həmin qurum verməyib. Bundan sonra Yasamal Rayon İcra Hakimiyyətinə müraciət olunub.

Yasamal Rayon İcra Hakimiyyətindən qeyd edilib ki, sutka boyu fasiləsiz su alan binalardakı çənlər Su-kanal idarəsinin əməkdaşlarının iştirakı ilə sökülür. Bununla belə, bəzi ünvanlarda çənlər tam götürülməyib, su şəbəkəsindən ayrılmış halda damda saxlanılıb.

Belə ünvanlardan biri Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, bina 2-dir. İcra Hakimiyyətinin bildirdiyinə görə, əgər binaya fasiləsiz su verilirsə, sakinlər çənlərin sökülməsi üçün Su-kanal idarəsinə müraciət etməlidirlər.