QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bloqer və media nümayəndələri üçün Naxçıvanın sosial müəssisələrinə mediatur təşkil edib.

Səfərin məqsədi iştirakçılara muxtar respublikada sosial müdafiə və reabilitasiya infrastrukturu, bu sahədə görülən işlər və tətbiq olunan yeniliklər barədə məlumat vermək olub.

Mediatur çərçivəsində iştirakçılar avqustda açılan Naxçıvan Regional DOST mərkəzinin fəaliyyəti ilə tanış olub, vətəndaşlara göstərilən operativ, müasir və şəffaf xidmət prosesini izləyiblər.

Görüş zamanı Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə bölgədə həyata keçirilən sosial müdafiə və aktiv məşğulluq proqramlarından danışıb. O, şəhid ailələri və müharibə iştirakçılarına göstərilən sosial dəstək tədbirləri barədə də məlumat verib.

Proqram iştirakçıları Şahbuz rayonunda yerləşən Çətin həyat şəraitində olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsinə də baş çəkiblər. Müəssisədə ahıl və digər həssas qruplara göstərilən sosial-məişət xidmətləri, maddi-texniki bazanın gücləndirilməsi, eləcə də sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün görülən işlər təqdim olunub.

Qonaqlar, həmçinin regionun turizm və mədəniyyət məkanlarından olan “Duzdağ” Fizioterapiya və Turizm Kompleksini və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə kompleksini ziyarət ediblər.

Səfər Heydər Əliyev Sarayında keçirilən konsert proqramı ilə başa çatıb. Naxçıvan şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə təşkil olunan inklüziv konsertdə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarları və əməkdar artist Fərqanə Qasımova çıxış ediblər.