QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Gürcüstanın Kaxeti bölgəsində iki azərbaycanlı qardaşın qəsdən öldürülməsi ilə bağlı şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Kaxeti Polis və Patrul Polisi departamentlərinin əməkdaşları əməliyyatı birgə həyata keçiriblər.

Nazirliyin açıqlamasına görə, hadisə noyabrın 5-də Saqareco bələdiyyəsinin kəndlərindən birində baş verib. Təqsirləndirilən şəxsin əvvəlki münaqişə zəminində odlu silahdan bir neçə dəfə atəş açaraq iki nəfəri yaraladığı, daha sonra hadisə yerindən qaçdığı bildirilir. Hər iki kişi aldığı xəsarətlərdən ölüb.

Hüquq-mühafizə orqanları əməliyyat və istintaq tədbirləri ilə şübhəlini hadisədən az sonra saxlayıb. Cinayətdə istifadə edildiyi ehtimal olunan silah maddi sübut kimi götürülüb.

İş üzrə araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə aparılır. Bu maddə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutur.

Hadisə qardaşların qohumlarının toyuna gedərkən baş verib. Kənd sakinlərindən birinin onlara pusqu quraraq atəş açdığı qeyd olunur.

Hadisədən sağ qalan qardaşlardan Elman Usubov danışıb ki, axşam saat 17:00 radələrində o, iki qardaşı və sinif yoldaşı ilə piyada gedərkən bir avtomobil dayanıb və içəridən onlara atəş açılıb. Usubov avtomobilin arxasında gizləndiyini, qardaşlarının isə bir neçə dəfə hədəfə alınaraq hadisə yerində öldüyünü söyləyib.

“Dörd nəfər idik — üç qardaş və qonşumuz. Birdən maşın saxladı və atəş açmağa başladı. Dəfələrlə atəş açdı. Bundan əvvəl heç nə olmamışdı, aramızda münaqişə yox idi. Qardaşlarım hadisə yerində öldülər. Polis artıq məndən ifadə alıb”, — Elman Usubov bildirib.