QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi noyabrın 5-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə “İçərişəhər” stansiyasında “Zəfər arzuları” adlı sosial aksiya keçirib. Tədbir Qələbəyə həsr olunub.
Aksiya iştirakçılarından ürək sözlərini kiçik standart kağız parçalarına yazaraq stansiyanın mərkəzində quraşdırılan iri lövhədəki yumruq təsvirinə yapışdırmaları istənilib.
Tədbirin məqsədi Qələbənin əldə olunmasında mühüm rol oynayan birlik və həmrəyliyi bir daha göstərmək, Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna və müharibə veteranlarına təşəkkür bildirmək, şəhidlərin xatirəsinə ehtiram göstərmək olub.
Aksiyada ziyalılar, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimai fəallar, turistlər və vətəndaşlar iştirak ediblər.