QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin yeni rektoru Məleykə Abbaszadə tələbələrin C bloku ilə bağlı müraciətini nəzarətə götürüb. O, məsələni araşdırmaq üçün işçi qrupunun ayrıldığını bildirib.

Rektor sosial şəbəkə hesabında BDU-da fəaliyyətinin ilk həftəsinin başa çatmaq üzrə olduğunu yazıb. İlk günlərdə universitetin inzibati və akademik heyəti ilə tanış olduğunu, həftə ərzində isə prorektorlar və dekanlarla ilk ümumi görüşünü keçirdiyini qeyd edib. Görüşdə universitetin gələcəyi və onun qurulmasında hər kəsin məsuliyyəti müzakirə olunub.

Abbaszadənin sözlərinə görə, gənclərə suallarını vermək, cavabları müstəqil araşdırmaq və tədqiqatlarda iştirak etmək üçün şərait yaradılmalıdır. Bu prosesdə müəllimin həm tələbkarlığı, həm də tələbəyə hörmət və qayğı göstərməsi eyni dərəcədə önəmlidir.

Rektor dekanları fakültələrinin akademik liderləri kimi gördüyünü vurğulayıb. Onun fikrincə, təhsilin keyfiyyəti mühazirə, seminar və laboratoriya məşğələlərində, eləcə də elmi rəhbərlə tələbə arasındakı ünsiyyətdə formalaşır. Dekanlar təhsil proqramlarının vəziyyətini, dəstəyə ehtiyacı olan tədqiqatları, müəllim və gənc alimlərin inkişaf imkanlarını bilməli, tələbələrin fikirlərini öyrənməli və fakültələrin beynəlxalq akademik əlaqələrini genişləndirməlidirlər.

Abbaszadə yaxın müddətdə fakültələrin vəziyyəti, üstün cəhətləri, problemləri, kadr və elmi potensialı barədə obyektiv mənzərə əldə etmək niyyətində olduğunu bildirib. O, həmkarlarından dürüst və peşəkar təhlil gözlədiyini deyib, problemin vaxtında aşkarlanmasını, açıq müzakirəsini və həll təkliflərinin verilməsini rəhbərlik məsuliyyətinin göstəricisi kimi qiymətləndirib.

Rektor tələbələrin universitet həyatında fəal iştirak etməsinin və üzləşdikləri çətinlikləri rəhbərliyə bildirməsinin vacibliyini qeyd edib. Bu həftə tələbələr sosial şəbəkələrdə C bloku ilə bağlı müraciət ediblər. Ayrılmış işçi qrupu əraziyə baxış keçirəcək, bundan sonra nəticələrə uyğun tədbirlər görüləcək. Abbaszadə məsələni diqqətə çatdıran tələbələrə təşəkkür edib.