QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, aparıcı Fira Cəlilovanın (Firuzə İskəndərova) Novxanı qəsəbəsindəki bağ evində axtarışda olan şəxsin gizlədildiyi aşkarlanıb.

Məlumata görə, həmin şəxsin evdə qəsdən saxlanıldığı müəyyən edilib. Bu hal axtarışda olan şəxsi və ya cinayəti bilərəkdən gizlədənlərin hansı məsuliyyətlə üzləşə biləcəyi sualını gündəmə gətirib.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi cinayət barədə məlumat verməmə və qabaqcadan vəd etmədən cinayəti gizlətmə hallarını əhatə edir. Maddənin 307.1-ci bəndinə əsasən, ağır və ya xüsusilə ağır cinayətin hazırlandığını, yaxud törədildiyini bilib bu barədə xəbər verməyən şəxs 1 500 manatdan 2 500 manatadək cərimə, iki ilədək islah işləri və ya iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

307.2-ci maddədə qabaqcadan vəd vermədən ağır cinayəti gizlətməyə görə 3 000 manatdan 6 000 manatadək cərimə və ya üç ilədək həbs nəzərdə tutulur. Xüsusilə ağır cinayəti əvvəlcədən söz vermədən gizlətməyə görə isə 307.3-cü maddə ilə iki ildən beş ilədək azadlıqdan məhrumetmə cəzası müəyyən edilib.

Hüquqşünas Natiq Ələsgərov bildirib ki, cinayət törətmiş və ya axtarışa verilmiş şəxsi bilərəkdən gizlətmək ciddi hüquqi nəticələr yarada bilər. Onun sözlərinə görə, axtarılan şəxsin, ağır və ya xüsusilə ağır cinayətin izlərinin, yaxud cinayətkarın qabaqcadan vəd olmadan qəsdən gizlədilməsi cinayət məsuliyyətinə səbəb ola bilər. Əsas şərt bu hərəkətin şəxsin məlumatlı olduğu halda, bilərəkdən edilməsidir.

Ələsgərov qeyd edib ki, istintaq orqanları şəxsin axtarışdan və ya cinayətdən xəbərdar olub-olmadığını, eləcə də gizlətmək məqsədilə hansı hərəkətləri etdiyini araşdırır. Hadisəyə hüquqi qiymət isə bütün hallar müəyyənləşdirildikdən sonra verilir.

Hüquqşünasın izahına görə, məsuliyyətin növü gizlədilən cinayətin ağırlığından və şəxslə əlaqənin xarakterindən asılı olaraq dəyişə bilər. Gizlətmə qabaqcadan vəd edilibsə, əməl iştirakçılıq kimi qiymətləndirilə bilər; belə vəd olmayıbsa, cinayəti və ya onu törədən şəxsi gizlətməyə dair normalar tətbiq olunur. Yekun qərar istintaqın nəticələrinə və məhkəmənin hökmünə əsasən verilir.