QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Ukraynada 8 il həbs cəzasına məhkum edilmiş Azərbaycan vətəndaşı, Vətən müharibəsi iştirakçısı Misir Qasımlının işi yenidən araşdırılacaq.
Qasımlı bu barədə şəxsi İnstaqram hesabında məlumat yayıb. O, azadlığa çıxdığı haqda xəbərlərin yayıldığını xatırladaraq bildirib: “Məhkəmədə qalib gəlmişəm, 8 illik həbsim ləğv olunub. İş yenidən birinci instansiya məhkəməsinə göndərilib və işə yenidən baxılacaq”.
Mətbuatda yayılan məlumatlara görə, Kiyev Ali Məhkəməsi Qasımlıya verilmiş 8 illik həbs cəzası ilə bağlı kassasiya şikayətini nəzərdən keçirib. Məhkəmə kollegiyası araşdırma zamanı aşağı instansiyalarda icraatın gedişində ciddi prosessual pozuntular aşkar edib.
Bu səbəbdən əvvəlki qərarların ləğvinə, cinayət işinin yenidən araşdırılması üçün isə onun aidiyyəti üzrə Apellyasiya Məhkəməsinə qaytarılmasına qərar verilib.
Ukrayna məhkəməsi 2022-ci il dekabrın 7-də İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlını və dostu Sübhan Quliyevi adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda təqsirli bilərək hər ikisini 8 il müddətinə azadlıqdan məhrum etmişdi.