QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova sosial şəbəkədə paylaşımında övladları, şəxsi həyatı və karyerası barədə fikirlərini bölüşüb.

Ataşova uzun müddətdir Azərbaycan mühitindən kənarda olduğunu, öz həyatı və işi ilə məşğul olduğunu yazıb. Onun sözlərinə görə, bəzi şəxslərin onun haqqında danışdığını və ailəsinin xoşbəxtliyinin kimlərisə narahat etdiyini öyrənib.

Jurnalist övladlarının mehriban, çalışqan, mərhəmətli və sevgi dolu olduqlarını bildirib. O, övladları ilə deyil, onlara verdiyi tərbiyə və böyüdükləri insan kimi fəxr etdiyini, bunun onun üçün diplom və uğurlardan daha dəyərli olduğunu vurğulayıb. Ataşova kənd qızı olmasını xatırladanlara da bu mənşəyindən heç vaxt utanmadığını deyib.

O, jurnalistikada çoxlarının bacarmadığı işlər gördüyünü, minlərlə reportaj hazırladığını və illərlə məsul vəzifələrdə çalışdığını qeyd edib. Daha sonra başqa ölkədə, fərqli dildə və sahədə həyatını yenidən qurduğunu yazıb.

Ataşovanın bildirdiyinə görə, hazırda dünyanın aparıcı universitetlərindən biri olan Penn State-də məsul vəzifədə çalışır və bu uğura öz əməyi ilə çatıb. O, insanın harada doğulmasından çox, həyatda gördüyü işlərin əhəmiyyət daşıdığını bildirib.

Jurnalist keçdiyi yolla, kənd qızı olması və üç övladı ilə fəxr etdiyini vurğulayaraq, gələcəkdə də paylaşım edəcəyini qeyd edib.