QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Bişkek məhkəməsi 2024-cü ildə baş vermiş helikopter qəzası ilə bağlı iş üzrə Qırğızıstan Hərbi Hava Qüvvələrinin keçmiş rəhbəri Qılıçbek Aydarəliyev və hərbi hissənin sabiq komandiri Daniyar Davitaxunovun həbsinə qərar verib.
Qırğızıstan Ali Məhkəməsinin Mətbuat Xidməti bildirib ki, uçuş qaydalarını və ya uçuşa hazırlıq tələblərini pozmaqda ittiham olunan şəxslər 2026-cı il dekabrın 19-dək həbsdə qalacaqlar.
Qayda pozuntusuna görə cəza vurulmuş ziyanın ağırlığından asılıdır: təqsirləndirilənləri cərimə və ya yeddi ilədək azadlıqdan məhrumetmə gözləyə bilər.
Qırğızıstan Silahlı Qüvvələrinə məxsus “Mi-8MTV” helikopteri 2024-cü il yanvarın 17-də təlim uçuşu zamanı qəzaya uğramışdı. Qəza nəticəsində bir hərbçi həlak olmuş, 11 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almışdı.