QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Qırmızı Ürəklər Fondu 8 Noyabr – Zəfər Günü münasibətilə qazilərə və ailələrinə dəstək üçün “Zəfər Payı” adlı xeyriyyə aksiyası keçirir. 2–10 noyabr 2026-cı il tarixlərini əhatə edən təşəbbüs zamanı qazilərə ərzaq məhsulları ilə dolu qutular veriləcək.
Aksiya Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə aparan şəxslərə, eləcə də onların ailələrinə yardım göstərmək və gündəlik tələbatlarının ödənilməsinə töhfə vermək məqsədi daşıyır. Zəfər Günü öncəsi həyata keçirilən bu addım qazilərə ehtiram və diqqətin, cəmiyyətdə birlik və həmrəyliyin göstəricisi kimi təqdim olunur.
Təşəbbüsə ianə etməklə dəstək vermək istəyənlər Birbank tətbiqindəki “Xeyriyyəçilik” bölməsindən istifadə edə və ya vizualda yerləşdirilən QR kodu skan edə bilərlər.
“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank əməkdaşlarının yaratdığı könüllü qrup kimi fəaliyyətə başlayıb və elə həmin il dövlət qeydiyyatına alınıb. Fond ölkədə ianəçilik mədəniyyətinin formalaşmasına çalışır.
Təşkilat ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpası, təhsil, təlim, maarifləndirmə və cəmiyyət üçün əhəmiyyətli digər mövzularda sosial təşəbbüslər həyata keçirir. Fondun əsas məqsədi xeyriyyəçilik mədəniyyəti ətrafında yardımsevər insanları bir araya gətirməkdir. Fəaliyyət barədə ətraflı məlumat və ianə imkanları redhearts.az saytında yerləşdirilib.