QafqazNews Manset.az-a istinadən xəbər verir ki, səhər yeməyində seçilən qidalar sümük sağlamlığının qorunmasına və mineral sıxlığının saxlanmasına dəstək ola bilər. Amerikalı endokrinoloq Rema Patel bu məqsədlə uyğun hesab etdiyi qida kombinasiyasını açıqlayıb.

Patelin tövsiyə etdiyi menyuya kalsium və digər faydalı maddələrlə zəngin təbii yunan yoqurtu, doğranmış badam, çia toxumu və təzə çiyələk daxildir. Həkim bildirir ki, bu məhsullar sümük toxumasının sağlamlığı üçün vacib qida maddələri ilə zəngindir.

Yunan yoqurtu kalsium və zülal mənbəyidir. Zülal əzələlərlə yanaşı, sümük quruluşunun saxlanmasında da əhəmiyyət daşıyır. Badamdakı maqnezium sümük toxumasının yaranmasına və mineral sıxlığının qorunmasına kömək edir.

Çia toxumu bitki mənşəli kalsium, fosfor, maqnezium, dəmir və sink ehtiva edir. Çiyələyin tərkibində olan C vitamini və antioksidantlar isə sümük toxumasının yenilənməsinə dəstək verir.

Rema Patelin sözlərinə görə, gecə yuxusundan sonra orqanizmin qida maddələri ilə təmin edilməsi üçün səhər yeməyi xüsusi rol oynayır. Bu yemək gündəlik kalsium, D vitamini və zülal ehtiyacının ödənməsinə də yardımçı ola bilər.

Endokrinoloq bir qida qəbulunda təxminən 300 milliqram kalsium və 20-30 qram zülal olmasını məqsədəuyğun sayır. O, D vitamininin də sümük sağlamlığı üçün vacib olduğunu qeyd edib.

Həkim sağlam sümüklər naminə qidalanmanı təkcə süd məhsulları ilə məhdudlaşdırmamağı tövsiyə edir. Kalium, maqnezium və K vitamini ilə zəngin meyvə-tərəvəzlərin də gündəlik menyuya daxil edilməsi məsləhətdir.

Patel duz miqdarına nəzarət etməyin vacibliyini də vurğulayıb. Natriumun çox qəbulu böyrəklər vasitəsilə kalsiumun bədəndən daha çox xaric olmasına gətirib çıxara bilər. Buna görə həddindən artıq duzlu və emal edilmiş qidaları azaltmaq, yeməklərə duz əvəzinə göyərti və ədviyyat əlavə etmək tövsiyə olunur.