QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Kənan Quluzadə adlı pasiyent “Ege” və “Referans Həyat” hospitallarında həkimlərin ona qarşı laqeyd davrandığını iddia edib. O, yaşadıqlarını sosial şəbəkədə bölüşərək narazılığını ifadə edib.
Quluzadənin sözlərinə görə, bir neçə gün əvvəl boynunda şiş yaranıb. Müayinədən sonra bunun epidermal kist olduğu və cərrahi müdaxilə tələb etdiyi bildirilib. Sığorta ilə “Ege” Hospitala müraciət edən pasiyent cərrah Edqard Nurməmmədovun qəbuluna yazılıb, lakin razılaşdırılmış vaxtda həkimi tapa bilməyib.
Pasiyent qəbulun baş tutmayacağı barədə ona öncədən xəbər verilmədiyini deyib. O bildirib ki, təyin olunan saatda klinikaya çatanda həkimin əməliyyatda olduğu söylənilib. Həkimin nə vaxt gələcəyinin məlum olmadığını, hətta həmin gün gəlməyə də biləcəyini deyiblər. Quluzadə bu barədə niyə əvvəlcədən məlumatlandırılmadığını soruşanda “O qədər pasiyent var ki, neynəyə bilərik?” cavabını aldığını qeyd edib.
Şikayətçinin bildirdiyinə görə, həkimlə telefon əlaqəsi yaratmaq cəhdi nəticəsiz qalıb. Mesajına iki saat sonra cavab verilib, şikayətini yazdıqdan sonra isə mesaj oxunsa da, ona cavab gəlməyib.
Daha sonra Quluzadə sığorta vasitəsilə “Referans Həyat” Hospitalında cərrah-proktoloq Şükür Abdullayevin qəbuluna yönləndirildiyini bildirib. Onun sözlərinə əsasən, həkim USM müayinəsindən sonra problemin həll ediləcəyini deyib. Pasiyent müayinə üçün üç saat növbə gözləyib nəticəni aldıqdan sonra həkimin klinikadan getdiyini öyrəndiyini iddia edib.
Quluzadə həkimlə danışarkən ona əməliyyatdan cəmi 8 manat qazanc qaldığı və buna görə əziyyət çəkmək istəmədiyi deyildiyini bildirib. Pasiyent iki həkimə görə bir neçə dəqiqəlik prosedur üçün bütün gününün itirildiyini söyləyib və sığorta ilə işləmək istəməyən həkimlərin bunu pasiyentə əvvəlcədən bildirməli olduğunu vurğulayıb.
İddialarla bağlı adı çəkilən həkimlərlə əlaqə saxlamaq mümkün olmayıb.