QafqazNews Manset.az-a istinadən xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio ölkədə son günlər müşahidə edilən texniki fasilələrin kiberhücumlarla bağlı olduğunu göstərən sübut olmadığını bildirib.

“Microsoft”, “Apple”, “United Airlines”, “Chase Bank” və federal qurumların sistemlərində qeydə alınmış nasazlıqlar müzakirə mövzusu olaraq qalır. Rubio müxtəlif təşkilatların işinə təsir edən bu fasilələrin bir-biri ilə əlaqəli olmasını və ya kiberhücum nəticəsində baş verməsini təsdiqləyən məlumatın olmadığını deyib.

Dövlət katibi Filippində təşkil olunan mətbuat konfransında son günlər şirkət və federal qurumların sistemlərində yaşanan problemlər barədə danışıb. O bildirib ki, ardıcıl fasilələr barədə xəbərlərin ABŞ ictimaiyyətində narahatlıq yaratdığını anlayırlar və hökumət əlində olan informasiyanı açıq şəkildə paylaşmaq niyyətindədir.

Rubio hadisələr arasında əlaqəni göstərən fakt aşkarlanmadığını vurğulayıb: “Bu hadisələrin bir-biri ilə əlaqəli olduğuna dair heç bir sübutumuz, göstəricimiz və ya belə düşünməyimizə əsas verən hər hansı səbəbimiz yoxdur”.