QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, indiki Ermənistan ərazisində yerləşən Salah kəndinin tarixi araşdırılıb. Kənd 1980-ci illərin sonlarında azərbaycanlıların qovulmasından sonra boşalıb. Araşdırma “Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsi çərçivəsində hazırlanıb.
Çar Rusiyası dövründə Salah adlanan kəndin adı 1991-ci ilin aprelində Aqavnavank olaraq dəyişdirilib. Kənd 1995-ci ildən Ermənistan Respublikasının Tavuş vilayətinə daxildir.
Salah barədə yazılı mənbələrdə XIX əsrin ikinci yarısından etibarən məlumat verilir. Çar Rusiyası zamanında yaşayış məntəqəsi Yelizavetpol quberniyasının Qazax qəzasına aid olub. Çar dövrünün statistik göstəricilərində kənddə 1914-cü ilədək müxtəlif illərdə yalnız azərbaycanlıların və ya əsasən onların yaşadığı qeyd olunur. Bu məlumatlara erməni mənbələri də istinad edir.
Erməni mənbələrinin bildirdiyinə görə, Salahın yerləşdiyi Qaraqaya ərazisindəki azərbaycanlı kəndlərinin sakinləri daşnak qüvvələrinə qarşı müqavimət göstərsələr də, 1920-ci ilin iyununda qovulublar. Salah sakinləri Qazax qəzasına sığınıblar.
Ermənistanda sovet hakimiyyəti 1920-ci ilin sonunda elan edilib, kommunist rejimi isə 1921-ci ildə tam bərqərar olub. Sonradan Qazax qəzasının əvvəllər erməni qüvvələrinin nəzarətində olan hissəsinin Ermənistan SSR-ə birləşdirilməsi rəsmiləşdirilib. Sovet hakimiyyəti illərində Salah əvvəl Dilican, daha sonra İcevan rayonuna daxil edilib. Erməni mənbələrində kənddə azərbaycanlıların 1980-ci illərin sonlarınadək yaşadığı göstərilir.
2021-2024-cü illərdə “Yoxa çıxmış sivilizasiya” kitabının hazırlanması üçün Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq yerlərdə Azərbaycan irsinin araşdırılması və sənədləşdirilməsi məqsədilə geniş sahə işləri görülüb. Bu araşdırmalar zamanı kənddə onlarla məzar daşı olan azərbaycanlı qəbiristanlığı aşkarlanıb; daşların bir qismi salamat qalıb.