QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi Moskvadakı son görüşdə enerji əməkdaşlığını, o cümlədən Azərbaycan üzərindən qaz nəqlini müzakirə ediblər.

İranın Moskvadakı səfiri Kazım Cəlali bildirib ki, tərəflər qaz kəmərinin inşasını nəzərdə tutan uzunmüddətli layihə ilə yanaşı, yaxın müddətdə əməkdaşlığı genişləndirmək üçün svop üsulu ilə Azərbaycan üzərindən qaz ötürülməsi imkanını da nəzərdən keçiriblər.

Planın həyata keçməsi Azərbaycanın beynəlxalq gərginlik şəraitində sanksiya riski ilə üzləşməsinə səbəb ola bilərmi? Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, layihənin reallaşması qeyri-müəyyən olduğundan, ölkə üçün risklərin yaranacağı da gözlənilmir.

Şaban qeyd edib ki, bu təşəbbüs ilk dəfə 2024-cü ilin iyununda Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda razılaşdırılıb. Tehran və Moskva həmin vaxt bununla bağlı memorandum imzalayıblar. Onun sözlərinə görə, sonrakı illərdə məsələ ildə ən azı iki dəfə gündəmə gətirilib.

Ekspertin bildirdiyinə görə, 30 ay keçməsinə baxmayaraq, təşəbbüsdə nəzərəçarpacaq irəliləyiş yoxdur: “Təklif hələ ki, söz olaraq deyilməkdən o yana keçməyib”.