QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammitində ölkənin Türkiyə ilə münasibətlərinin normallaşdırılması və sülhün təmin olunmasının vacibliyindən danışıb.

Ermənistanın yalnız hərbi gücünü artırmaq əvəzinə Ankara ilə əlaqələri normallaşdırmağa çalışmasının səbəbi barədə suala cavabında Simonyan bildirib ki, ölkəyə qüdrətli ordu lazımdır. Bununla yanaşı, onun sözlərinə görə, tərəflər arasında müharibə üçün əsasların aradan qaldırılması da vacibdir.

“Türklərlə niyə müharibə etməliyik? Onlar hücuma keçmək qərarı versələr, özümüzü gücləndirməyə vaxtımız çatmayacaq. Yetmiş il ərzində bizə Rusiyadan yapışmasaq türklərin bizi məhv edəcəyi fikri təlqin olunub. Bu düşüncənin gerçəkliklə əlaqəsi yoxdur”, – Simonyan deyib.

O, Ermənistan uşaqlarına qisas hissinin deyil, sülhün miras qalmasının təmin edilməsini və müharibənin önlənməsini ölkənin təhlükəsizliyi üçün əsas şərtlərdən biri kimi qiymətləndirib.

Simonyan TRIPP layihəsindən də bəhs edərək, ticarət əlaqələri və ortaq maraqların sülhün əsas göstəriciləri olduğunu vurğulayıb. O bildirib ki, layihə təhlükəsizlik amillərini də əhatə edir və ABŞ-la İran arasında faktiki müharibə vəziyyətinin davam etdiyi vaxtda İran sərhədindən cəmi 15 metr məsafədə həyata keçiriləcək.

Onun fikrincə, TRIPP-in rolunu və əhəmiyyətini düzgün qiymətləndirməmək mənfi nəticələrə səbəb ola bilər. Simonyan layihəni iqtisadi və diplomatik təşəbbüs, sülh vasitəsi və iqtisadi təminat kimi xarakterizə edib.