QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Çin Ticarət Nazirliyi ABŞ-nin Kuba ilə əməkdaşlığı əsas gətirərək Çin şirkətlərinə tətbiq etdiyi sanksiyaların ikitərəfli ticarət-iqtisadi əlaqələrin sabitliyinə zərbə vurduğunu açıqlayıb.
Nazirliyin bəyanatında qeyd olunub ki, son vaxtlar Vaşinqton Çinə qarşı sanksiya təzyiqlərini artırıb və ardıcıl olaraq bir sıra ayrı-seçkilik xarakterli məhdudiyyətlər tətbiq edib.
Çin tərəfinin bildirdiyinə görə, bu tədbirlər ölkə şirkətlərinin hüquq və maraqlarına ciddi ziyan vurur. Həmçinin, addımlar iki ölkə liderlərinin əldə etdiyi mühüm razılaşmalarla ziddiyyət təşkil edir və Çin-ABŞ ticarət-iqtisadi münasibətlərinin sabitliyini pozur.
Çin Ticarət Nazirliyi ABŞ-nin üçüncü tərəflərlə əlaqələri bəhanə göstərərək Çin şirkətlərinə birtərəfli sanksiyalar tətbiq etməsinə qəti etirazını ifadə edib. Qurum belə tədbirlərin beynəlxalq hüquq normalarını və beynəlxalq münasibətlərin əsas prinsiplərini pozduğunu vurğulayıb.