QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Bakının “Şamaxinka” adlanan ərazisində nəqliyyat sıxlığını azaltmaq üçün avtobus dayanacaqlarının dəyişdirilməsi ilə yanaşı, daha geniş infrastruktur tədbirlərinə ehtiyac var. Təkliflər arasında yaxınlıqdakı beş və doqquzmərtəbəli binaların sökülməsi də yer alır.
Bakı şəhərinin əsas nəqliyyat qovşaqlarından sayılan “Şamaxinka” və “20 Yanvar” metrostansiyasının ətrafında sərnişin axınını azaltmaq, avtobusların hərəkətini yaxşılaşdırmaq üçün tədbirlər görülür. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına əsasən, noyabrın 2-dən 102, 130, 142 və 159 nömrəli avtobusların Moskva prospektində, 14 saylı notariat ofisinin yaxınlığında yerləşən dayanacaqdan istifadəsi dayandırılıb. Sərnişinlər başqa dayanacaqlara yönləndirilib. Daha əvvəl 114A, 114B, 500, 503 və 508 nömrəli marşrutlar da həmin məntəqədən çıxarılmışdı.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, avtomobil axınının ən yüksək olduğu istiqamət Sumqayıtdan Bakıyadır. Onun sözlərinə görə, şəhərin girişlərində, xüsusən şimal tərəfdə sıxlıq davam edir. Bakı, Xırdalan və Sumqayıtın Abşeron yarımadasında ən sıx məskunlaşmış yaşayış məntəqələri olması, həmçinin eyni istiqamətdə yerləşməsi nəqliyyat yükünü artırır.
Ağamirzəyev qeyd edib ki, çoxsaylı sərnişini daşımağa qadir ictimai nəqliyyat kifayət qədər intensiv işləmədikdə insanlar şəxsi avtomobillərə və qanunsuz sərnişindaşıma xidmətlərinə müraciət edirlər. Relsli nəqliyyatın zəif fəaliyyəti avtobusların yükünü artırır, avtobusların eyni nöqtədə toplanması isə sıxlığı dərinləşdirir.
Ekspert “Şamaxinka” ilə “20 Yanvar” dairəsi arasında piyada şəraitinin yaxşılaşdırılmasını, hərəkətə əngəl olan baryerlərin götürülməsini və dayanacaqların avtobus sayına uyğun qurulmasını vacib sayır. Eyni vaxtda bir neçə avtobusun yaxınlaşdığı yerlərdə uzun platformaların salınmasını, imkan olan sahələrdə nəqliyyat vasitələrinin iki, hətta üç sıra dayanmasının nəzərdən keçirilməsini təklif edib. O, “20 Yanvar” dairəsində piyada zolaqlı keçidlərin yaradılmasını, səkilərin yenilənməsini və daha qısa piyada marşrutlarının təşkilini də zəruri hesab edir.
Ağamirzəyevin fikrincə, qanunsuz sərnişindaşımanın qarşısı alınmalı, şəhərətrafı avtobuslardan enən sərnişinlərin metroya və başqa marşrutlara rahat keçidi təmin edilməlidir. Bu məqsədlə hasarların quruluşu yenilənə, məhəllə girişləri səki səviyyəsinə qaldırıla bilər. Uzunmüddətli tədbirlər sırasında Abşeron dairəvi dəmir yolunda qatarların 15-20 dəqiqəlik fasilələrlə hərəkət etməsi də göstərilib. Bunun üçün yük və sərnişin daşımalarının ayrılması, rabitə və siqnal sistemləri ilə rəqəmsal dispetçer xidmətinin təkmilləşdirilməsi, qatar sayının artırılması təklif olunur.
Digər nəqliyyat eksperti Aslan Əsədov “Şamaxinka”da əsas çətinliyin nəqliyyat axınlarının düzgün istiqamətləndirilməməsi olduğunu deyib. Onun sözlərinə görə, dairəvi yoldan gələn avtomobillərin də şəhərə bu ərazidən daxil olması yükü artırır. Alı Mustafayev, Moskva prospekti, Müzəffər Həsənov, Asif Məhərrəmov və “20 Yanvar” küçələrindən nəqliyyatın eyni qovşağa yönəlməsi qarışıqlıq yaradır.
Əsədov avtomobil yollarının və avtobus zolaqlarının genişləndirilməsini, marşrutların hərəkət cədvəllərinin istiqamətlərə uyğunlaşdırılmasını təklif edib. Onun bildirdiyinə görə, Moskva prospektinin “Şamaxinka”dan “20 Yanvar” metrostansiyasına qədər olan hissəsinin, xüsusilə sağ tərəfinin təxminən dörd metr genişləndirilməsi mümkündür. Kinostudiya istiqamətində də oxşar işlərin görülməsi, prospektin hər iki tərəfindəki köməkçi yollara sərbəst giriş-çıxışın yaradılması vacib sayılır. Bu, Tbilisi və Həsən bəy Zərdabi prospektlərinə, Salamzadə küçəsinə, eləcə də Asif Məhərrəmov, “20 Yanvar” və Mir Cəlal küçələrinə çıxış üçün əhəmiyyətlidir.
Ekspert bəzi avtobus marşrutlarının başqa dayanacaqlara köçürülməsini səmərəli həll hesab etmir. O bildirib ki, sərnişinlərin avtobusa minməsi və düşməsi sürətləndirilməli, avtobus dayanacaqda uzun müddət saxlanmamalıdır. Pik saatlarda axını tənzimləmək üçün taksilərə ən azı 10 metr uzunluğunda xüsusi minib-düşmə sahələri ayrılmasını da təklif edib. Əvvəllər sərnişin daşımalarında işlədilən kiçik və orta tutumlu avtobusların dövriyyədən çıxarılmasının sistemdə əlavə yük yaratdığını vurğulayıb.
Əsədov uzunmüddətli çıxış yolu kimi yeni yolların salınmasını, tramvay xətlərinin bərpasını, metro stansiyalarının sayının artırılmasını və dəmir yolu şəbəkəsinin genişləndirilməsini sadalayıb. Bakıətrafı qəsəbələri birləşdirən birbaşa avtobus marşrutlarının yaradılmasının da vacib olduğunu deyib. Belə əlaqələrin olmadığı yerlərdə sakinlər “20 Yanvar” dairəsi istiqamətinə gedib başqa nəqliyyat vasitəsinə minməli olurlar və bu, şəhərin nəqliyyat yükünü artırır. Yol infrastrukturunu genişləndirmək üçün yaxınlıqdakı beş və doqquzmərtəbəli binaların sökülməsi variantı da təklif edilib.