QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycanda sertifikatlaşdırmanın ilk mərhələsi başa çatıb. Prosesdə iştirak etmiş 104 min müəllimin 91 400-nün əməkhaqqına əlavə edilib.
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bu məlumatı Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı açıqlayıb.
Onun sözlərinə görə, sertifikatlaşdırmada 60 min müəllim 30–51 bal aralığında nəticə göstərərək maaşlarına 10 faiz əlavə alıb. Təxminən 31 min müəllimə isə 35 faizlik əlavə hesablanıb.
Prosesə qatılmayan və ya sertifikatlaşdırmaya cəlb olunmayan müəllimlərin bu il orta aylıq əməkhaqqı 770 manatdır. İmtahandan uğurla keçib 10 faiz əlavə qazananların vergilər daxil olmaqla orta aylıq maaşı 1 010 manat, 51 baldan çox nəticə göstərən müəllimlərin gəliri isə 1 320 manat təşkil edir.
İslahatın icrası üçün gələn il dövlət büdcəsindən 286,4 milyon manat ayrılması planlaşdırılır. Kərimzadə bildirib ki, 2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı üç dəfədən artıq artıb. 2026-cı ilin sentyabr ayına olan məlumata görə, bu göstərici vergilər daxil olmaqla 1 030 manat olub.