QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev mülki və xidməti silahlar, eləcə də dövriyyəsi məhdudlaşdırılmış əşyalarla bağlı fərmanlarda dəyişikliklər edilməsi haqqında sənəd imzalayıb. Dəyişikliklər 2026-cı il 13 oktyabr tarixli 488-VIIQD nömrəli qanunun tətbiqi ilə əlaqədardır.
Fərmanla bir sıra əvvəlki sənədlərdə və onlarla təsdiqlənmiş qaydalarda “xüsusi” sözünün çıxarılması, “Xüsusi icazə” ifadəsinin isə “İcazə” ilə əvəzlənməsi nəzərdə tutulur. Bu dəyişikliklər silahın əldə edilməsi, saxlanması, daşınması, satışı, istifadəsi, kolleksiya və sərgisinin təşkili, habelə məhdud dövriyyəli əşyaların dövriyyəsinə icazə verilməsi qaydalarına aiddir.
Müvafiq dövlət orqanı verdiyi, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi icazələr barədə “Lisenziyalar və icazələr haqqında” qanunun 8.1-ci maddəsində göstərilən məlumatları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində Dövlət Gömrük Komitəsinə göndərməlidir. Bu üsul mümkün olmadıqda məlumatlar üç iş günü ərzində təqdim ediləcək.
Fərmanda xarici ölkələrdə qeydiyyatdan keçmiş ticarət iştirakçılarının məhdud dövriyyəli əşyaları Azərbaycan ərazisindən tranzit keçirməsi ilə bağlı müddəa da yer alıb. Qanunvericiliyə əsasən tranzit üçün icazə tələb olunduğu halda daşınma, müvafiq icazəsi olan və Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərən dolayı gömrük təmsilçiləri vasitəsilə həyata keçirilə bilər.
Sənədlə yanaşı, 2007-ci ildə təsdiq edilmiş dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramına da dəyişiklik olunur. Nazirlər Kabinetinə qanundan irəli gələn məsələləri həll etmək tapşırılıb.