QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycanda bəzi iş yerlərində saatlıq əməkhaqqı sisteminin tətbiqi və hər iş saatı üçün minimum ödəniş həddinin müəyyənləşdirilməsi təklif edilir. Bu müddəalar Əmək Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsində yer alıb.

Hazırda ölkədə minimum aylıq əməkhaqqı 400 manatdır. Saatlıq sistemə keçid zamanı bir iş saatı üçün ödəniləcək minimum məbləğin nə qədər olacağı müzakirə mövzusudur.

İqtisadçı Natiq Cəfərli bildirib ki, belə bir sistemin tətbiqindən əvvəl müvafiq qanunvericilik bazası yaradılmalıdır. Onun sözlərinə görə, hazırda saatlıq maaşı ayrıca tənzimləyən hüquqi baza yoxdur, minimum aylıq əməkhaqqı isə 400 manat müəyyən edilib. Qüvvədə olan qaydalara əsasən, dövlət və özəl sektorda çalışanlara bu həddən az maaş verilə bilməz.

Cəfərli qeyd edib ki, saatlıq minimumun qanunvericilikdə təsbit olunması işçilərin hüquqlarının qorunması üçün vacibdir. Beşgünlük iş həftəsi və gündəlik səkkiz saatlıq iş rejimi götürülərək 400 manatlıq minimum maaş saatlara bölündükdə, bir saatın dəyəri 2 manatdan bir qədər artıq alınır. İqtisadçı bu məbləğin işçilər üçün cəlbedici olacağını düşünmədiyini, buna görə də saatlıq əməkhaqqı nəzərdə tutulursa, ayrıca hüquqi çərçivəyə ehtiyac olduğunu vurğulayıb.

İqtisadçı Xalid Kərimli isə minimum aylıq əməkhaqqının 2027-ci ildən 15 faiz artırılmasının gözlənildiyini bildirib. Onun fikrincə, yeni qaydada saatlıq minimum da həmin məbləğdən hesablanacaq: aylıq əməkhaqqı işlənən saatlara bölünəcək və müəyyən edilmiş həddən aşağı ödənişə yol verilməyəcək.

Kərimli əlavə edib ki, minimum əməkhaqqı yalnız ödənilə biləcək ən aşağı həddi müəyyənləşdirir. Bazar şəraiti və vakansiyaların mövcudluğu imkan verdikdə işçi daha yüksək maaş istəyə bilər. Dövlət minimum əməkhaqqını müəyyənləşdirərkən inflyasiya, əmək məhsuldarlığı, iqtisadi artım, əmək bazarının durumu və özəl şirkətlərin maaşları artırmaq imkanları kimi amilləri nəzərə alır.