QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Argentina millisində futbolçu kimi karyerasını başa vuran Lionel Messi yığmaya bu dəfə mentor kimi qayıda bilər. O, komandanın gənc oyunçularına dəstək üçün nəzərdən keçirilir.

Ehtimal olunan plana görə, Messi öz təcrübəsini yeni nəsil futbolçularla bölüşəcək, onlara tövsiyələr verəcək və inkişaflarına yardım edəcək.

Bu vəzifə 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Serxio Aqueronun üzərinə götürdüyü qeyri-rəsmi dəstək roluna bənzəyir. Həmin vaxt sabiq hücumçu Argentina yığmasının futbolçularına komanda daxilində kömək edirdi.

Baş məşqçi Lionel Skaloni də Messinin məşqçilər heyətinə qoşulması ehtimalı barədə danışıb. Mətbuat konfransında bu mövzuda ünvanlanan suala zarafatla belə cavab verib: “Əgər özü gəlmək istəsə, heç bir problem yoxdur. İndi Valter yoxdur, gəlsin”.

Skaloni bu ifadə ilə məşqçilər korpusunu tərk edib müstəqil məşqçilik fəaliyyətinə başlayacaq Valter Samueli nəzərdə tutub.