QafqazNews Manset.az-a istinadən xəbər verir ki, qısa müddətdə çox çəki itirmək dərialtı piy qatının azalması ilə üz cizgilərini dəyişə, dərinin boşalmasına və sallanmasına yol aça bilər. Buna görə arıqlamaq istəyənlərin dəri vəziyyətini də nəzərə almaları tövsiyə olunur.

Dermatoveneroloq, kosmetoloq və lazer terapevti Yuliya Ostaşevskayanın sözlərinə görə, arıqlamağa başlayan şəxslər kosmetoloji qulluğa da paralel başlamalıdırlar. Bu yanaşma dərinin bədən və üzdə həcm dəyişikliklərinə mərhələli şəkildə uyğunlaşmasına yardım edə bilər.

Ostaşevskaya xüsusilə 10, 20 və ya 30 kiloqram çəki atmağı qarşısına məqsəd qoyanlara dəriyə qulluq məsələsini əvvəlcədən planlaşdırmağı məsləhət görüb. Dəridə nəzərəçarpan sallanma və toxumaların ciddi enməsi müşahidə edilirsə, plastik cərrahla məsləhətləşmək vacibdir. Dəri xəstəlikləri və iltihab hallarında isə dermatoloqa müraciət edilməlidir.

Dərinin keyfiyyətini yaxşılaşdırmaq üçün mütəxəssis polinukleotidlərdən və radiotezlik prosedurlarından bəhs edib. Onun izahına görə, polinukleotidlər bərpa proseslərini stimullaşdırır, RF prosedurları isə toxuma sıxlığını artırmağa və sallanmanı azaltmağa yönəldilir.

Dəri həcmi və quruluşunun bərpasında monopolar RF-liftinqdən istifadə oluna bilər. İtirilmiş həcmi tamamlamaq üçün hialuron turşusu və kalsium hidroksiapatit tərkibli dolğular, kollagen istehsalını stimullaşdırmaq məqsədilə isə polilaktik turşu tətbiq edilə bilər.

Həkim prosedurların təsir müddətinin yaş, dərinin başlanğıc vəziyyəti, seçilən üsul və çəkinin nə qədər sürətlə azalması ilə əlaqəli olduğunu bildirib. Bu səbəbdən hər kəs üçün vahid prosedur və təkrar müalicə cədvəli müəyyənləşdirmək mümkün deyil.