QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Bakıda tanışının yaxınlarını aldadaraq pul alan Ceyhun Piriyev barəsində məhkəmə hökmü çıxarılıb. Sabunçu Rayon Məhkəməsində keçirilən iclasda 1984-cü il təvəllüdlü şəxsə cəza təyin edilib.

Araşdırma zamanı müəyyənləşib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunan Renat Əlləzov təcridxanada Ruslan adlı şəxslə tanış olub. Ruslan ona hüquq-mühafizə orqanlarında Tağı Vahabov adlı tanışının olduğunu söyləyib və həbsdən çıxmasına yardım edəcəyini vəd edib.

Renat bu barədə yaxınlarına məlumat verib. Onlar Sabunçu rayonunda özünü Tağı Vahabov kimi təqdim edən şəxslə görüşərək ona müxtəlif vaxtlarda ümumilikdə 14 500 manat veriblər. Sonradan məlum olub ki, dövlət qurumlarında Tağı Vahabov adlı zabit çalışmır və həmin şəxs Ceyhun adlı vətəndaşdır.

Yaxınları Sabunçu Rayon Polis İdarəsinə müraciət etdikdən sonra Ceyhun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmədə əməlini etiraf edən Ceyhun aldığı vəsaiti geri qaytardığını bildirib. Sabunçu Rayon Məhkəməsi Ceyhun Piriyevə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verib. Onun ayağına elektron qolbaq taxılıb.