QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, noyabrın 22-də saat 13 radələrində Lökbatan qəsəbəsinin yaşayış zonalarından birində yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatına görə, hadisə nəticəsində 10 yaşlı qız ölüb.
İdarənin bildirdiyinə əsasən, uşaq yaşıdları ilə oynayarkən meydançadan kənara düşən topu götürmək üçün yolun hərəkət hissəsini qaçaraq keçib. Yaşayış zonası üçün müəyyən edilmiş sürət həddini aşdığı ehtimal olunan sürücünün yola çıxan uşağı görməməsi faciə ilə nəticələnib.
BDYPİ vurğulayıb ki, uşaqların və yeniyetmələrin, eləcə də istirahət edən, təsərrüfat işləri ilə məşğul olan və ya evinə tələsən insanların çox olduğu yaşayış ərazilərində təhlükəsizliyin qorunması sürücü və piyadaların qanuni öhdəliyidir.
İdarə sürücüləri və digər hərəkət iştirakçılarını yaşayış zonalarının sakitlik və təhlükəsizlik üçün nəzərdə tutulduğunu nəzərə almağa, bu ərazilərdə ehtiyatlı davranmağa və piyadalara hörmət göstərməyə çağırıb.