QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, rusiyalı müğənni Olqa Buzova musiqi prodüseri Elmir Məhərrəmovun ölümündən sonra şəxsi bloqunda hisslərini bölüşüb.
Müğənni faciə barədə komandasından xəbər aldıqdan sonra Məhərrəmovla birlikdə çəkilmiş fotosunu yayımlayıb və xüsusi müraciət edib.
“Elmir həlak oldu. Çox gənc, yaraşıqlı və mehriban idi. Hələ çox yaşamalı idi... Hər şey qaydasına düşmüşdü. İşlərin çox yaxşı, yüksələn xətlə gedirdi... Axı necə oldu?” – deyə Buzova yazıb.
O, prodüserin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Buzova birgə keçirdikləri konsertləri, ilk şouları, ad günlərini və qastrolları xatırladaraq, bu itkinin böyük dərd olduğunu bildirib.
“İlahi, səninlə bağlı o qədər isti xatirələr var ki... Qələbələrimiz, konsertlərimiz, ilk şoular, ad günləri, qastrol səfərləri... Çox böyük dərddir. İçimdə sanki bir boşluq yarandı. Onun iri gözləri hələ də gözümün önündədir... Həmin gözlərdə nə qədər nur, sevinc və sevgi var idi... Mənim Elim, sən daim qəlbimdə yaşayacaqsan”, – deyə müğənni qeyd edib.
Elmir Məhərrəmov noyabrın 23-də faciəli şəkildə vəfat edib. O, 10 ildən artıq şou-biznes sahəsində çalışıb, “Self Made Music”, “Archer Music” və “Out of Records” leybllarına rəhbərlik edib. Əməkdaşlıq etdiyi sənətçilər arasında Olqa Buzova, Dima Bilan, “Artik & Asti” və “T-Killah” da olub.
Məhərrəmov kino sahəsində də fəaliyyət göstərib. Onun işləri arasında “San-Fransiskodan olan sərnişin” (“Пассажир из Сан-Франциско”) serialı da yer alır.