QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, vətəndaşlıq vəziyyəti aktları üzrə təkrar şəhadətnamə və arayışların verilməsi müəyyən şərtlərlə həyata keçirilir. Bəzi müraciətlərdə sənədin surəti əvəzinə yalnız müvafiq arayış təqdim olunur.
Ədliyyə Nazirliyinin məlumatında bildirilir ki, 16 yaşına çatmış şəxslər şəxsiyyətlərini təsdiqləyən sənədi təqdim etməklə təkrar şəhadətnamə və ya arayış ala bilərlər.
Valideynlik hüquqlarından məhrum edilən şəxslərə uşaqları ilə əlaqədar təkrar şəhadətnamə və arayış verilməsi nəzərdə tutulmayıb.
Nikah pozulduqda qeydiyyat şəhadətnaməsinin təkrar nüsxəsi təqdim edilmir. Bununla belə, keçmiş ər və ya arvad sonradan müraciət edərsə, ona müvafiq arayış verilə bilər.
Vəfat etmiş şəxslə bağlı doğum şəhadətnaməsinin əvəzinə arayış təqdim olunur. Ölüm haqqında təkrar şəhadətnamə və ya arayış isə həmin şəxsin yaxın qohumlarına verilir.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlərin təkrar verilməsi qanunvericilikdə müəyyənləşdirilmiş qaydalar əsasında aparılır.