QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) müfəttişləri Tovuz rayonunun Xatınlı kəndində yerləşən yanacaqdoldurma məntəqəsində planlı yoxlama aparıblar. Məntəqə Səbuhi Ələkbər oğlu Ələkbərova məxsusdur.
Yoxlama zamanı insanların həyat və sağlamlığı üçün təhlükə yarada biləcək bir sıra çatışmazlıqlar qeydə alınıb. Belə ki, yanacaq saxlanılan iki çənin nəfəsalma klapanlarının olmadığı müəyyən edilib. Həmçinin obyektin hüquqi şəxs kimi qeydiyyatını təsdiqləyən sənəd, müvafiq fəaliyyət lisenziyası, çənlərin texniki pasportları və dərəcələnmə cədvəlləri təqdim olunmayıb.
Məntəqədə fövqəladə və qəza vəziyyətlərində insanların təxliyəsini təmin etmək üçün razılaşdırılmış plan da hazırlanmayıb. Bundan başqa, ərazidə ildırımdan mühafizə qurğusunun olmadığı aşkarlanıb.
Pozuntuların dərhal aradan qaldırıla bilməməsi və insanların təhlükəsizliyinə yaratdığı risk nəzərə alınaraq, Agentliyin əməkdaşları məntəqənin fəaliyyətini dayandırıblar. Çatışmazlıqların aradan qaldırılması ilə bağlı tərtib edilmiş aktın bir nüsxəsi sahibkara verilib.
FHN-in məlumatına əsasən, obyekt sahibi ilə texniki təhlükəsizlik məsələləri üzrə profilaktik söhbət aparılıb və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün tövsiyələr təqdim olunub.