QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Qubada keçmiş həyat yoldaşına xəsarət yetirən 36 yaşlı kişi 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb.
Hadisə rayonun kəndlərindən birində baş verib. 1990-cı il təvəllüdlü Mahir keçmiş həyat yoldaşı Sahibənin (adlar şərtidir – red.) yaşadığı evin həyətinə gəlib. Mübahisə zamanı o, qadını yumruq və təpiklə vuraraq yerə yıxıb və xəsarət yetirib.
Mahir Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərər vurmanı nəzərdə tutan 128-ci maddəsi ilə təqsirləndirilib. O, iş üzrə verdiyi izahatda ittihamı qəbul edib.
Mahir ifadəsində hadisə günü saat 17 radələrində uşaqlarını görmək üçün Sahibənin yaşadığı evə getdiyini deyib. Onun sözlərinə görə, Sahibə uşaqlarla görüşməsinə icazə vermədikdə aralarında mübahisə yaranıb. Mahir bildirib: “Mübahisə zamanı Sahibəni itələyərək yerə yıxdım, yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək xəsarət yetirdim”.
Quba Rayon Məhkəməsinin hökmünə əsasən, cəza müddətində Mahirə rayonun inzibati ərazi hüdudlarından çıxmaq, eləcə də hər gün saat 23:30-dan növbəti gün saat 06:30-dək yaşadığı yeri tərk etmək qadağan edilib.
Bundan başqa, o, elektron nəzarət vasitəsini üzərində gəzdirməli və işlək vəziyyətdə saxlamalıdır. Məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişmək, iş və ya təhsil yeri dəyişdikdə isə bu barədə cəzanın icrasına nəzarət edən orqana əvvəlcədən məlumat vermək öhdəliyi də müəyyənləşdirilib.