QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Türkiyənin Bodrum bölgəsində ailəsi ilə istirahətdə olan Azərbaycan vətəndaşı Səbinə Kərimli iki azyaşlı övladının müalicəsi ilə bağlı sığorta ödənişi ala bilməyib. Səbail Rayon Məhkəməsi isə şirkətin imtinasını əsassız sayaraq, ailəyə 1987 manat ödənilməsi barədə qərar çıxarıb.

Uşaqlarda qusma, ishal və qarın nahiyəsində ağrılar yarandıqdan sonra valideynlər onları yaxınlıqdakı tibb mərkəzinə aparıblar. Xəstəxana xərcləri 56 780 türk lirəsi, yəni 1987 manat təşkil edib.

Kərimli ailəsi “Atəşgah Sığorta” ilə əlaqə saxlayaraq baş verənləri izah edib və tələb olunan sənədləri təqdim edib. Şirkətin məlumat mərkəzindən ödənişin həmin vaxt mümkün olmadığı bildirilib, ailəyə isə Azərbaycana qayıtdıqdan sonra təsdiqləyici tibbi sənədlər və qəbzlərlə ərizə vermək tövsiyə olunub.

Səfərdən sonra şirkətə müraciət edən ailə sığorta ödənişindən imtina cavabı alıb. Məktubda tibbi xərclərin sığortaçı ilə əvvəlcədən razılaşdırılmadığı və hadisə barədə müvafiq qaydada məlumat verilmədiyi əsas gətirilib.

Kərimli imtinanın həqiqətə uyğun olmadığını bildirərək məhkəməyə müraciət edib. Onun şikayətinə görə, uşaqların qəfil xəstələnməsi ilə bağlı yaranan xərclər ambulator müalicəyə aiddir və Səfər Sığorta Qaydalarının 8.3.2-ci bəndində nəzərdə tutulur. Bu səbəbdən həmin xərclərin şirkətlə razılaşdırılması tələb olunmur və onlar sığorta təminatına daxildir.

Səbail Rayon Məhkəməsi sığorta şirkətinin əsaslarını qəbul etməyib. Məhkəmə imtinanı əsassız hesab edərək “Atəşgah Sığorta”nın Kərimli ailəsinə 1987 manat ödəməsi barədə qərar verib.