QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, “Vəkilin səsi” qəzetinin baş redaktoru Camal Bağırzadə dələduzluq şübhəsi ilə saxlanılıb. Onun özünü vəkil kimi təqdim edib vətəndaşlardan pul alması ilə bağlı Nizami Rayon Polis İdarəsinə çoxsaylı şikayətlər daxil olub. Polis əməliyyatı nəticəsində Bağırzadə tutulub.

Fakt üzrə cinayət işi açılıb və ona Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham verilib. İstintaq orqanının təqdimatı Nizami Rayon Məhkəməsində araşdırılıb. Məhkəmə təqdimatı təmin edərək Camal Bağırzadə barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

2023-cü ildə Bağırzadənin vətəndaş Pərvanə Babayevaya özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edib ondan pul aldığı barədə məlumat yayılmışdı. Babayeva bununla əlaqədar Baş Prokurorluğa müraciət etmişdi.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi Bağırzadənin barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi (xırda talama) və 399-cu maddəsi (vəkil adından qanunsuz istifadə) ilə inzibati xəta işi başladaraq baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərmişdi. Məhkəmə onu 350 manat cərimələmişdi.