QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, TRIPP layihəsinin tam başa çatdırılması gələn ilin əvvəllərinə planlaşdırılır. Xarici işlər naziri Ceyhun Bayramov bu barədə Almaniyanın xarici işlər naziri Yohan David Vadefulla birgə mətbuat konfransında danışıb.

Bayramovun sözlərinə görə, Vaşinqton sammitinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP, Zəngəzur dəhlizi) layihəsi olub. Son aylarda layihənin icrası ilə bağlı ABŞ və Ermənistan arasında danışıqlar aparılır.

Nazir qeyd edib ki, dəhlizin başlanğıc və son nöqtələri Azərbaycan-Ermənistan sərhədində yerləşdiyindən, texniki göstəricilər Azərbaycanla razılaşdırılmalıdır. ABŞ-nin təşəbbüsü ilə bu məqsədlə birgə texniki işçi qrupunun yaradılması barədə razılıq əldə edilib və qrup noyabrın 6-dan fəaliyyətə başlayıb.

İşçi qrup dəmir yolu və avtomobil yolu, eləcə də elektrik kabel xətləri üzrə texniki parametrləri uzlaşdırır. Bayramov bildirib ki, Azərbaycanın öz ərazisində dəmir və avtomobil yollarına dair işləri, demək olar, başa çatıb. Layihənin bütövlükdə tamamlanması gələn ilin əvvəlinə nəzərdə tutulur.