QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyində müxtəlif yüksək vəzifələrdə çalışmış general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayət edən şəxslərdən birinin kimliyi məlum olub.
Şikayətçilərdən biri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini, general-mayor Ceyhun Rzayevdir. Onun və başqa bir zərərçəkmişin müraciətindən sonra Türkər Əliyeva şübhəli şəxs kimi tutulub.
Türkərin vəkili Hikmət Əliyev bildirib ki, müdafiə tərəfi ittihamı qəbul etmir və lazımi sübutları təqdim etməyə hazırdır. “Hazırda ölkə xaricindəyəm. Amma işdən tam xəbərim var. Onu deyə bilərəm ki, bu, mülki xarakterli bir məsələdir, cinayət faktı yoxdur. Bütün sübutlarımızı istintaq orqanına və məhkəməyə təqdim edəcəyik”, – vəkil deyib.
Türkər Əliyeva ilə bağlı indiyədək məhkəmə qərarı çıxarılmayıb. O, hazırda prokurorluqda ifadə verir.
Qeyd edək ki, Türkər Əliyeva tanınmış mediatordur. Ceyhun Rzayev isə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində uzun illər çalışıb.