QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, AMB sədri Taleh Kazımov bank olmayan kredit təşkilatlarının (BOKT) yüksək faizlərinin Mərkəzi Bankı narahat edən məsələlərdən olduğunu bildirib. O, faizlərə təsir göstərərək onları daha məqbul səviyyəyə endirməyin hədəflərdən biri olduğunu qeyd edib.
BOKT-lərin kredit faizlərinin niyə yüksək olduğu və dövlətin bu dərəcələri tənzimləyib-tənzimləyə bilməyəcəyi ilə bağlı deputat Vüqar Bayramov açıqlama verib. O, BOKT-lər üçün faiz həddi müəyyənləşdirilməsini məqsədəuyğun hesab etmir.
Bayramovun sözlərinə görə, bank və BOKT faizlərinin dövlət tərəfindən tənzimlənməsi, yaxud faiz tavanı tətbiqi nəzərdə tutulmur. Belə təcrübədən az sayda ölkədə istifadə olunur. Deputat bildirib ki, BOKT-lərə limit qoyulması digər kredit verən qurumlar, o cümlədən banklar üçün də oxşar qaydanın tətbiqi məsələsini gündəmə gətirə bilər.
Deputat BOKT-lərin yüksək faizlərini onların maliyyələşmə mənbələri ilə əlaqələndirib. Onun bildirdiyinə görə, bu təşkilatların əksəriyyəti vəsaiti banklardan götürür və həmin resurslar nisbətən baha başa gəlir. Bununla yanaşı, BOKT-lərin kredit şərtləri bankların şərtlərindən daha yüngüldür.
Bayramovun fikrincə, Mərkəzi Bankın əsas imkanlarından biri BOKT-lərin daha ucuz maliyyə resurslarına çıxışını genişləndirməkdir. Bu imkan yaradılarsa, təşkilatların faizləri də aşağı düşə bilər.