QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, 2026-cı ilin oktyabrında Azərbaycanda internetdən istifadə edənlərin sayı 9,51 milyon nəfərə çatıb. Bu barədə beynəlxalq DataReportal platformasının “Digital 2027” hesabatında məlumat verilib.

Hesabata görə, ölkə əhalisinin 90,8 faizi internet istifadəçisidir. Ermənistanda bu göstərici 83,4, Gürcüstanda isə 83,8 faiz təşkil edir. Beləliklə, internetdən istifadə səviyyəsində Azərbaycan qonşularını üstələyir.

Azərbaycanda sosial şəbəkələrdə 8,44 milyon istifadəçi kimliyi qeydə alınıb ki, bu da əhalinin 80,6 faizinə bərabərdir. Ermənistanda sosial şəbəkə auditoriyası 1,65 milyon, Gürcüstanda 3,05 milyon nəfərdir. Əhali ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 56,4 və 80,2 faiz təşkil edir.

İnternet istifadəçilərinin sosial şəbəkələrdə təmsil olunma payı Gürcüstanda 95,7 faizdir. Azərbaycanda bu nisbət 88,8, Ermənistanda isə 67,6 faiz olaraq göstərilib.

“Facebook” üzrə potensial reklam auditoriyası Azərbaycanda təxminən 1,5 milyon nəfərdir; bu, əhalinin 14,3 faizidir. Ermənistanda 1,65 milyon nəfərlik auditoriya əhalinin 56,4 faizinə, Gürcüstanda 3,05 milyon nəfər isə əhalinin 80,2 faizinə uyğundur.

Əhali sayına görə “Facebook”un yayılması Gürcüstanda Azərbaycandan təxminən 5,6 dəfə, Ermənistandan 1,4 dəfə yüksəkdir. Auditoriyanın ümumi sayı da Gürcüstanda ən çoxdur, baxmayaraq ki, bu ölkənin əhalisi Azərbaycandan təxminən 2,8 dəfə azdır.

“Instagram”ın Azərbaycandakı potensial auditoriyası 4,15 milyon nəfər, yaxud əhalinin 39,6 faizidir. Ermənistanda bu platformadan 1,5 milyon nəfərin istifadə etdiyi, əhali nisbətinin isə 51,3 faiz olduğu bildirilir. Gürcüstanda da əhali nisbəti 51,3 faizdir, mütləq auditoriya isə 1,95 milyon nəfərdir. Beləliklə, bu iki ölkədə “Instagram”ın əhali üzrə göstəricisi Azərbaycandakından yüksəkdir.

“TikTok”un Azərbaycanda reklam alətləri ilə müəyyən edilən potensial auditoriyası 8,44 milyon nəfərdir və ölkə əhalisinin təxminən 80 faizini əhatə edir. Gürcüstanda həmin göstərici 3,02 milyon nəfər, əhalinin təxminən 79 faizi kimi verilib. Ermənistan üzrə müqayisə edilə bilən potensial auditoriya rəqəmi hesabatda yer almayıb.

“X” (keçmiş “Twitter”) hər üç ölkədə digər iri platformalardan daha kiçik auditoriyaya malikdir. Azərbaycanda potensial istifadəçilərin sayı 214 min nəfər və əhalinin 2 faizidir. Ermənistanda 64,7 min nəfər, yaxud 2,2 faiz, Gürcüstanda isə 169 min nəfər və 4,4 faiz qeydə alınıb.