QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Çinin Qansu əyalətində süxurların içində yaradılmış mağaralarda sıxılmış hava vasitəsilə elektrik enerjisi saxlamaq üçün yeni kompleks şəbəkəyə qoşulub. Bu üsul külək və günəş enerjisinin istehsalındakı fasilələri qismən kompensasiya etməyə imkan verə bilər.
Bərpa olunan enerji mənbələri elektrik enerjisini həmişə istehlakın çox olduğu vaxtlarda istehsal etmir. Günəşli gündüz saatlarında enerji artıqlığı yarana bilər, amma axşam tələbat yüksələndə günəş panelləri enerji vermir. Küləyin nə zaman əsəcəyini də dəqiq proqnozlaşdırmaq mümkün deyil. Buna görə artıq elektrik enerjisini toplayıb, ehtiyac vaxtı yenidən istifadə etmək zərurəti yaranır.
Litium-ion batareyalar enerjini bir neçə saat saxlamaq üçün yararlı olsa da, günlərlə və ya həftələrlə ehtiyat yaratmaq zamanı onların dəyəri və genişləndirilməsi çətinlik yaradır. Böyük həcmdə enerjini uzun müddət münasib xərclə saxlamaq əsas problemlərdən biridir; təbii yeraltı anbarlar isə hər yerdə mövcud deyil.
Çində tətbiq olunan sistemdə süxurların daxilində süni boşluqlar açılır və ora yüksək təzyiqlə hava vurulur. Enerjiyə ehtiyac yarananda sıxılmış hava buraxılaraq elektrik enerjisinin istehsalına yönəldilir.
Noyabrın 16-da «Yuanchu No. 1» enerji saxlama kompleksi elektrik şəbəkəsinə qoşulub. Stansiyanın gücü 300 meqavat, saxlama tutumu isə 1800 meqavat-saatdır. Yer səthindən 110 metr aşağıda yerləşən möhkəm süxurlarda ümumi həcmi təxminən 200 min kubmetr olan dörd bir-birinə bağlı mağara yaradılıb. Onlar 18 meqapaskal təzyiqə uyğun layihələndirilib və polad təbəqələrlə möhkəmləndirilib.
Kompleksin enerji ilə doldurulması təxminən 8 saat, toplanmış enerjinin şəbəkəyə qaytarılması 6 saat çəkir. Layihəyə təqribən 2,5 milyard yuan, yəni 368 milyon dollar sərmayə qoyulduğu bildirilir. Tam enerji dövründə faydalı iş əmsalı 72 faizdir.
Elektrik enerjisinin artıq olduğu vaxtlarda sistem onu sıxılmış hava formasında saxlayır, istehlakın yüksəldiyi və çatışmazlığın yarandığı saatlarda isə yenidən elektrik enerjisinə çevirir. Layihənin göstəriciləri və iqtisadi səmərəliliyi bu texnologiyanın daha geniş tətbiqinin perspektivini müəyyən edəcək.