QafqazNews Manset.az-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun Gəncədə keçirilməsi planlaşdırılan vətəndaş qəbulu və polis orqanlarında, o cümlədən daxili qoşunlarda xidmətə namizədlərin sıra baxışı noyabrın 13-dən 12-nə keçirilib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, qəbul Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında təşkil olunacaq. Görüşdə Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Daşkəsən və Kəlbəcər şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar nazirliyin səlahiyyət dairəsinə daxil olan məsələlərlə bağlı noyabrın 11-dək yaşadıqları ərazidəki polis orqanına müraciət edə bilərlər. Müraciətlər həmçinin DİN-in “E-Polis” mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı və sosial şəbəkə səhifələri vasitəsilə qəbul edilir.
Polis orqanlarında və daxili qoşunlarda xidmət etmək istəyən namizədlər üçün sıra baxışı noyabrın 12-də saat 08:00-da keçiriləcək. Tədbir DİN Daxili Qoşunlarının Gəncədə yerləşən hərbi hissəsində baş tutacaq.
Sıra baxışına və vətəndaş qəbuluna gələn şəxslərdən şəxsiyyət vəsiqələrini təqdim etmələri tələb olunur.