QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, 27 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı mühakimə olunan Azər Cümşüdov barəsində hökm çıxarılıb. O, Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətində qəza-bərpa üzrə sahə rəisi vəzifəsində çalışıb.
Nərimanov Rayon Məhkəməsində keçirilən yekun iclasda hakim Gültəkin Əsədova təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu və sübutlarla təsdiqləndiyi qənaətinə gəlib.
Məhkəmənin qərarı ilə Cümşüdova üç il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cəza həbsxanada deyil, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkiləcək.
Cümşüd Cümşüdlü “Baksol” yolu yaxınlığında yolun çökməsi nəticəsində kanalizasiyaya düşmüşdü. Onun cəsədi Suraxanı rayonunun Hövsan qəsəbəsindəki kanalizasiya təmizləmə anbarında aşkarlanmışdı. Cümşüd ailənin yeganə övladı olub.