QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, İspaniya millisinin sabiq yarımmüdafiəçisi Xuan Mata 38 yaşında futbolçu karyerasını bitirdiyini açıqlayıb.

İspaniyalı futbolçu bu barədə rəsmi Instagram hesabında paylaşım edib. O, futbola təşəkkürünü bildirərək yazıb: “Bəzən sevmək... ayrılmağı bacarmaqdır. Təşəkkürlər, futbol!”

Mata son iki mövsümünü Avstraliyada keçirib. Əvvəlcə “Vestern Sidney Uonderers”, daha sonra isə “Melburn Viktori”də oynayıb.

İspaniya yığmasının tərkibində Mata 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionu olub. Klub səviyyəsində “Real Madrid Kastilya”, “Valensiya”, “Çelsi”, “Mançester Yunayted”, “Qalatasaray” və “Vissel Kobe”də forma geyinib.

“Valensiya” ilə İspaniya Kubokunu qazanan futbolçu, “Çelsi”də UEFA Çempionlar Liqasının, İngiltərə Kubokunun və Avropa Liqasının qalibi olub. “Mançester Yunayted”lə isə İngiltərə Kubokunu, Superkubokunu, Liqa Kubokunu və Avropa Liqasını qazanıb.

Mata “Qalatasaray”la 2022/2023-cü illər mövsümündə Türkiyə çempionu olub. “Vissel Kobe” ilə isə 2023-cü ildə Yaponiya çempionluğunu əldə edib.