QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Yaponiyada 3 559 ədəd Mercedes-Benz S-Class və Mercedes-Maybach S-Class avtomobilinin geri çağırılması qərara alınıb. Buna səbəb əyləc sistemində mümkün nasazlıqdır.
Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin bildirdiyinə görə, risk avtomobillərin ön əyləc şlanqları ilə əlaqəlidir. Konstruksiyadakı qüsur şlanqlarda çatların əmələ gəlməsinə, əyləc mayesinin axmasına və əyləclərin səmərəsinin zəifləməsinə yol aça bilər.
Geri çağırılma 2022-ci il mayın 9-dan 2025-ci il mayın 12-dək Yaponiyaya gətirilən bəzi S-Class və Maybach modellərini əhatə edir.
Nazirlik indiyədək nasazlıqla bağlı bir müraciətin daxil olduğunu, qəza barədə isə məlumat qeydə alınmadığını açıqlayıb. Avtomobillərin ön əyləc şlanqları yenilənmiş ehtiyat hissələri ilə ödənişsiz əvəzlənəcək.
Sahiblərə avtomobilin geri çağırılma siyahısına daxil olub-olmadığını şassi nömrəsi (VIN) ilə yoxlamaq tövsiyə edilir.