QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Ermənistan parlamentində TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçiriləcək. İclasın çağırılması barədə qərar hökumətin iclasında qəbul olunub.
Gündəlikdə “Səhmdar cəmiyyətləri haqqında” qanuna dəyişiklik layihəsi yer alır. Təklif beynəlxalq müqavilələrlə yaradılan və Ermənistan hökumətinin ən azı 25 faiz paya sahib olduğu şirkətlərin hüquqi fəaliyyətini tənzimləyir. Dəyişiklik marşrutun tikintisi və idarə olunması üçün qurulan “TRIPP Development Company”yə, eləcə də beynəlxalq formatda yaradıla biləcək digər şirkətlərə şamil ediləcək.
Layihənin təxirəsalınmaz qaydada qəbul olunması nəzərdə tutulur. Təklifə əsasən, birinci oxunuşdan sonra ikinci oxunuş 24 saat ərzində keçirilməlidir.
Ermənistan parlamenti oktyabrın 28-də ölkə ilə ABŞ arasında TRIPP marşrutu üzrə hökumətlərarası çərçivə sazişini ratifikasiya edib.
2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülh nizamlanması, eləcə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin yaradılması barədə birgə bəyannamə imzalayıblar. Layihə “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlandırılıb.
TRIPP Ermənistanın Zəngəzur (Sünik) bölgəsindən keçən strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur. İqtisadi təşəbbüs çərçivəsində dəmir və avtomobil yolları, neft və qaz kəmərləri, həmçinin fiber-optik rabitə xətlərinin inşası planlaşdırılır.
Layihəni Ermənistan qanunvericiliyinə uyğun olaraq, hərbi komponent olmadan ABŞ şirkəti həyata keçirəcək. Plana görə, ABŞ layihəni 99 ilədək icra etmək üçün müstəsna hüquqlar əldə edəcək və infrastrukturun inkişafı, təhlükəsiz istismarı üçün məsul beynəlxalq konsorsiuma ayrı-ayrı hissələri subicarəyə verə biləcək.