QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Vergi Məcəlləsinə təklif edilən dəyişiklik çipsinin aksizli mallar sırasına daxil edilməsini nəzərdə tutur. Layihəyə görə, yerli istehsal olunan məhsulun hər kiloqramına 1 manat aksiz vergisi tətbiq edilə bilər.
İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bu yenilik böyük ehtimalla çipsinin satış qiymətinə təsir göstərəcək. Məhsul kiloqramla deyil, qramla satıldığı üçün 100 qramlıq qablaşdırmaya 10 qəpik, 150 qramlıq məhsula isə 15 qəpik vergi düşür.
Kərimlinin sözlərinə görə, istehsalçılar satışın həcmi və rəqabət şəraitindən asılı olaraq iki yoldan birini seçə bilərlər: qiymətləri yüksəltmək və ya mənfəət marjasının azalması ilə razılaşmaq.
Ekspert qeyd edib ki, hökumət çipsini sağlamlıq baxımından zərərli qida hesab etdiyi üçün ona spirtli içkilərdə olduğu kimi aksiz tətbiq etməyi təklif edir. Bu addımla büdcəyə əlavə vəsait daxil olması, eyni zamanda çipsi istehlakının azalması hədəflənir.