QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə proqramı üzrə daha 91 mənzili vətəndaşların seçiminə təqdim edəcək.
Fondun yaydığı məlumata görə, mənzillər Bakı, Sumqayıt və Abşeron rayonundakı yaşayış komplekslərində yerləşir. Bakı şəhərinin Binəqədi rayonunda, Cəfər Xəndan küçəsindəki kompleksdən 27, Sumqayıtın Sülh prospektindəki yaşayış kompleksindən 38, Abşeron rayonunun Saray qəsəbəsində, Məhəmməd Əsədov küçəsindəki kompleksdən isə 26 mənzil təklif olunacaq.
Ümumi sayı 91 olan mənzillər tam təmirlidir və 1, 2, eləcə də 3 otaqdan ibarətdir. Aylıq ödəniş məbləği 419 manatdan başlayır.
Mənzil seçimi 24 noyabr 2026-cı il, saat 15:00-dan etibarən açıq olacaq. Müraciət və seçim prosesi Mygov portalındakı “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən aparılacaq. Ərizəni təsdiqləyərkən SİMA İmzanın biometrik identifikasiya imkanından yararlanmaq mümkündür.
Təklif olunan mənzillərin siyahısı Fondun təqdim etdiyi keçiddə yer alıb. Mexanizm, müraciət qaydaları və digər şərtlərlə Fondun rəsmi internet səhifəsində, YouTube kanalında və ya 1549 Çağrı Mərkəzi vasitəsilə tanış olmaq olar.