QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, ABŞ-dan Türkiyəyə qaytarılmış 100 mədəniyyət nümunəsi İstanbul Arxeologiya Muzeylərində ictimaiyyətə təqdim olunub. Təqdimat mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun iştirak etdiyi mətbuat konfransında keçirilib. Tədbirdə “Çıxış yolu yoxdur: Boubon” sərgisinin də açılışı olub.
Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq hüquqi və elmi diplomatiya çərçivəsində apardığı işlər nəticəsində Anadolunun qədim tarixini əks etdirən bir sıra dəyərli əsərlər son illərdə ölkəyə qaytarılıb. Bu prosesdə 2026-cı ilin mayında ABŞ-dakı hərrac evlərindən birinin Anadolu mənşəli tarixi əşyaları satışa çıxarması mühüm hadisə olub. Nazirlik elmi məlumatları və sənədləri Manhetten Dairə Prokurorluğuna, eləcə də ABŞ-ın Daxili Təhlükəsizlik Araşdırmaları İdarəsinə (HSI) göndərib. Bundan sonra hərrac dayandırılıb və əsərlər Türkiyəyə qaytarılıb.
Təqdimat zamanı Ersoy Manhetten Dairə Prokurorluğunun, HSI-nin, Türkiyə Xarici İşlər Nazirliyinin və Nyu-Yorkdakı Baş Konsulluğun dəstəyini qeyd edib. Əsərlərin Türkiyəyə təhlükəsiz daşınmasına görə isə “Türk Hava Yolları”na təşəkkürünü bildirib.
Manhetten Dairə Prokurorluğunun prokuror müavini, İnsan Alveri ilə Mübarizə Bölməsinin rəhbəri Metyu Boqdanosun iştirak etdiyi tədbirdə nazir deyib: “Məqsədimiz yalnız əsərləri bir sərgi vitrinindən digərinə daşımaq deyil, onları öz hekayələri və mənsub olduqları mədəni kontekst çərçivəsində yenidən dəyərləndirməkdir”. Ersoy Türkiyənin mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirəcəyini vurğulayıb.
Qaytarılan 100 artefakt arasında qədim musiqi alətləri və memarlıq nümunələrindəki relyeflər də var. Sərgidə isə Türkiyənin cənubundakı Burdur vilayətində yerləşən qədim Boubon şəhərindən talan edilərək müxtəlif ölkələrə və kolleksiyalara aparılmış əsərlər bir araya gətirilib.
Qaytarılan nümunələrin 40-ı Mərkəzi Qara dəniz bölgəsindəki Tokat vilayətinin Erbaa rayonunda yerləşən Horoztepe ərazisindən tapılıb. Eramızdan əvvəl 2300–2000-ci illərə aid kolleksiyaya mərasimlərdə işlədilən musiqi alətləri, silahlar və metal qablar daxildir. Erkən Tunc dövrünün bu əsərləri Anadoluda metal emalının yüksək səviyyəsini göstərir. Təxminən 70 il əvvəl qanunsuz yollarla ölkədən çıxarılan nümunələr elmi araşdırmalar və tarixi faktların birgə qiymətləndirilməsi nəticəsində geri qaytarılıb.
Digər böyük kolleksiyada Burdurun Düver kəndinə aid 44 terrakota memarlıq lövhəsi yer alır. Antik tikililərin dam və üzlük sistemlərində istifadə edilən lövhələr eramızdan əvvəl VI əsrə, Arxaik dövrə aiddir. Onların mənşəyini müəyyənləşdirmək üçün bəzək və konstruksiya xüsusiyyətləri, üslub fərqləri müqayisə olunub, arxivlər və kolleksiya qeydləri araşdırılıb.
Düver nümunələrinin bir qismi 2022-ci ildə ABŞ-dan, 2024-cü ildə Danimarkadan, 2025-ci ildə isə Virciniya Təsviri Sənətlər Muzeyindən qaytarılıb. Los-Ancelesdəki J. Paul Getty Muzeyində saxlanılan sonuncu qrupun da Türkiyəyə gətirilməsi kolleksiyanın bütövlüyünü bərpa edib. Növbəti layihədə bu əsərlərin İstanbul Arxeologiya Muzeylərindəki digər Düver nümunələri ilə birləşdirilməsi planlaşdırılır. Qaytarılmış əşyalar sırasında Aydın vilayətindəki qədim Afrodisias şəhərindən portret, teatr maskaları və ilahə heykəlcikləri də var.
Boubon sərgisi mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı onilliklərdir davam edən mübarizənin nəticələrini nümayiş etdirir. Burdurun Gölhisar rayonunda, İbecik kəndinin yaxınlığındakı qədim şəhərdən talan edilmiş tunc heykəllər vaxtilə Roma imperatorlarına və imperator ailəsinə həsr olunmuş Sebasteion ziyarətgahında yerləşib. 1960-cı illərdəki qanunsan qazıntılar zamanı heykəllər hissələrə ayrılıb və gizli yollarla ölkədən çıxarılıb.
Mütəxəssislər heykəllərin ayaq hissələri ilə daş postamentlərdəki birləşmə izlərini tutuşdurublar. Əlaqə torpaq nümunələri və qurğuşun izotoplarının təhlili ilə də təsdiqlənib. Uzun müddət müxtəlif ölkələrin muzey və şəxsi kolleksiyalarında ayrı-ayrılıqda saxlanılan baş, gövdə və ətraf hissələr sərgidə yenidən bir araya gətirilib. Türkiyəyə qaytarılan Boubon əsərləri arasında Lusi Ver, Septimi Sever, Karakalla və Mark Avrelinin heykəlləri də var.
Əsərlərin qaytarılması Boubon şəhərində elmi tədqiqatlara da təkan verib. Türk arxeoloqları 2023-cü ildə bərpa olunan qazıntıları Burdur Arxeologiya Muzeyinin koordinasiyası ilə davam etdirirlər.