QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, 1926-cı il noyabrın 6-da “Diqqət, danışır Bakı!” sözləri ilə yayıma başlayan Azərbaycan Radiosunun fəaliyyətə başlamasından 100 il ötür. Hikmət Hacıyev yubileylə bağlı paylaşımında radionun milli yayımın təməlini qoyduğunu və ölkənin ictimai-mədəni həyatında əhəmiyyətli yer tutduğunu bildirib.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hacıyev “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib ki, 1956-cı il fevralın 14-də Azərbaycan Televiziyasının fəaliyyətə başlaması teleradio tarixində yeni mərhələnin başlanğıcı olub.
Onun sözlərinə görə, televiziya və radio illər ərzində ölkənin ictimai-siyasi və mədəni həyatını əks etdirən salnamə yaradıb, xalqın tarixini və milli-mənəvi irsini gələcək nəsillərə çatdıran informasiya vasitələrinə çevrilib. Hacıyev vurğulayıb ki, Azərbaycan teleradiosu ənənələrini qoruyaraq müasir tələblərə uyğun inkişaf edir.
Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan media islahatlarının qurumların institusional imkanlarını gücləndirməyə, yayımın texniki bazasını genişləndirməyə, rəqəmsal platformalara inteqrasiyanı və proqramların keyfiyyətini artırmağa yönəldiyini bildirib. O, dövlət başçısının media nümayəndələrinə göstərdiyi diqqəti də qeyd edib.
Paylaşımda Prezident İlham Əliyevin 2026-cı il noyabrın 5-də bir qrup media nümayəndəsini təltif etməsi sahədə uzun müddət çalışan peşəkarlara verilən yüksək qiymət kimi dəyərləndirilib. Hacıyev Azərbaycan Radiosunun 100 illiyi və televiziya-radio işçilərinin peşə bayramı münasibətilə sahənin əməkdaşlarını və veteranlarını təbrik edib, onlara cansağlığı və yaradıcılıq uğurları arzulayıb.