QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, akademik Nizami Cəfərov Zəfər tarixinin dərindən öyrənilməsinin və onun milli kimliyin ayrılmaz hissəsinə çevrilməsinin vacibliyini vurğulayıb.

O, bu fikirləri 8 Noyabr – Zəfər Günü münasibətilə Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə təşkil etdiyi Zəfər Zalının açılışında və “8 noyabr – Zəfər Günü” adlı Elektron Məlumat Bazasının təqdimatında səsləndirib. Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi və Azərbaycanda Atatürk Mərkəzinin direktoru olan Cəfərov qeyd edib ki, qazanılan Zəfərin tariximizdəki yeri düzgün dərk edilməlidir.

Cəfərovun sözlərinə görə, mütəxəssislərin hesablamalarında azərbaycanlıların tarixən məskunlaşdığı ərazilərin ümumi sahəsi təxminən 400 min kvadratkilometr göstərilir. Bu tarixi coğrafiya indiki Azərbaycan Respublikasının ərazisindən xeyli geniş olub. Tarixi proseslər nəticəsində həmin torpaqların yalnız dörddə biri, yaxud ondan da az hissəsi respublikanın sərhədləri daxilində qalıb.

“Zəfər qazanmaq asan məsələ deyil, lakin ona sahib çıxmaq bundan da çətindir. Bunun üçün uzun müddət çalışmalı, zəfərin tarixini dərindən mənimsəməli və onu milli kimliyimizin ayrılmaz hissəsinə çevirməliyik”, – deyə o bildirib. Cəfərov əlavə edib ki, bu ərazilərə sahib olmaq istəyənlər də var.

O, gənclərin tarixi dərindən öyrənməli, müstəqillik və ərazi bütövlüyünün hansı mübarizə, çətinlik və qurbanlar bahasına əldə olunduğunu bilməli olduqlarını söyləyib. Şəhidlərin Vətən uğrunda göstərdiyi fədakarlığın unudulmamasını və Zəfərin həqiqi dəyərinin anlaşılmasını vacib sayan Cəfərov, İkinci Qarabağ müharibəsindəki qələbənin yalnız hərbi uğur deyil, tarixi yaddaşın, milli birliyin və mübarizə əzminin təzahürü olduğunu qeyd edib. Onun sözlərinə görə, bu həqiqətləri gələcək nəsillərə çatdırmaq hər kəsin mühüm vəzifəsidir.