QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Türkiyənin Afyonkarahisar vilayətində üç kənddə törədilən silahlı hücumlar nəticəsində 8 nəfər öldürülüb, bir nəfər ağır yaralanıb. Polis hadisələrlə bağlı şübhəli bilinən şəxsi saxlayıb.
İlkin araşdırmalar zamanı qətllərin eyni şəxs tərəfindən törədildiyi müəyyən olunub. İhsaniye rayonunda yaşayan, əkinçiliklə məşğul olan 30 yaşlı Arif Sefa Özdemir Eskişəhərin Seyitgazi rayonundakı Kuyucak məhəlləsində, mədən ocağının yaxınlığında mühasirəyə alınıb.
Polisin “Təslim ol!” çağırışına atəşlə cavab verən şübhəli ilə hüquq-mühafizə əməkdaşları arasında qısamüddətli atışma baş verib. İki təhlükəsizlik əməkdaşı yüngül xəsarət alıb, Özdemir isə sağ vəziyyətdə saxlanılıb.
Məlumata görə, hücumların ilk hədəfi Osman Qazi məhəlləsində evinin qarşısında övladını məktəbdən götürmək üçün avtomobilinə minən Sevgi Postalcı olub. Başından ağır yaralanan qadın xəstəxanaya aparılıb və vəziyyətinin kritik olduğu bildirilib.
Daha sonra Yukarıtandır kəndinə gedən şübhəli orta məktəbdə çalışan iki qadın müəllimi avtomobillərini ələ keçirmək məqsədilə güllələyərək öldürüb. Ardınca həmin avtomobillə Ayazini kəndinə gedərək qarşısına çıxan başqa maşındakı üç nəfəri qətlə yetirib.
Şübhəli Kıyır kəndində başqa avtomobildə olan iki nəfəri də güllələyib. Axtarış zamanı ərazidə daha bir nəfərin meyiti tapılıb. Beləliklə, ölənlərin ümumi sayı səkkizə yüksəlib.
Bundan sonra başqa bir avtomobili ələ keçirən Özdemir qonşu Eskişəhər vilayətinə qaçıb. Seyitgazi rayonunun Taşlık kəndi yaxınlığında maşın palçığa batdığından yoluna piyada davam edib. Ərazidə keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərən şübhəli qısa müddət ərzində saxlanılaraq istintaqa təhvil verilib.
Axtarışda onun üzərindən və avtomobildən cinayətdə istifadə edildiyi ehtimal olunan bir ov tüfəngi və çoxlu patron götürülüb. İlkin məlumata əsasən, bir uşaq atası olan Arif Sefa Özdemir təxminən iki il əvvəl həyat yoldaşından boşanıb.
İstintaq çərçivəsində şübhəlinin atası Hasan Özdemir də nəzarətə alınıb. Hadisələrin motivinin müəyyənləşdirilməsi üçün araşdırmalar davam etdirilir.