QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, kənd təsərrüfatı torpaqları, əkinlər və istehsal göstəriciləri üzrə uçot qaydalarına dəyişiklik edilib. Təsərrüfatbaşına sənədlərdə məlumatların daha ətraflı qeydə alınması nəzərdə tutulur.
Yeni uçot qaydaları torpaqların ümumi sahəsinin, həyətyanı ərazilərin və əkin sahələrinin ayrı-ayrılıqda göstərilməsini tələb edir. Əkinlərdə əsas məhsul və təkrar əkin göstəriciləri də fərqləndiriləcək. Təkrar əkin aparılan sahələrin ölçüsü və oradan yığılan məhsul ayrıca hesablanacaq, bu məhsul əsas məhsulun ümumi həcminə daxil edilməyəcək.
Torpaqlardan istifadə barədə uçot məlumatları da artırılır. Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdəki sahələrin icarəyə verilməsi və əvəzsiz istifadəyə ayrılması, eləcə də icarəyə və ya istifadəyə götürülmüş torpaqların başqalarına verilməsi qeydə alınacaq.
Ayrıca uçota faktiki suvarılan ərazilərin ölçüsü, istifadə olunan yerüstü və yeraltı su mənbələri, suyun öz axını ilə, yaxud nasosla verilməsi daxil ediləcək. Artezian və subartezian quyularından istifadə də göstəriləcək. Ənənəvi üsullarla yanaşı, yağmurlama, pivot və damcı suvarma sistemləri barədə məlumatlar ayrıca qeyd olunacaq.
İcarədə olan örüş sahələrinin ölçüsü, həmçinin balıqçılıq və akvakultura üçün istifadə edilən torpaqlar barədə məlumatlar da təsərrüfatbaşına sənədlərə əlavə ediləcək.
Dəyişikliklər örtülü ərazilər və istixanalarla bağlı məlumatların ayrıca qeydə alınmasını da əhatə edir. Kənd təsərrüfatı istehsalına ayrılan örtülü sahələrin və istixanaların ölçüsü ayrıca uçota alınacaq.