QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Ağdaşda tanışını öldürməkdə təqsirləndirilən 41 yaşlı kişi 10 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə H. Əliyev prospektindəki çay evində baş verib.
1985-ci il təvəllüdlü Həsən (ad şərtidir) ilə tanışı Elnur (ad şərtidir) arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Münaqişənin səbəbi Elnurun çay evinin terrasındakı stola Həsənin eynəyini atıb sındırması, daha sonra isə zalda onun yanına gələrək “DJ” deməsi olub.
Həsən əsəbiləşərək Elnurun sağlamlığına ağır zərər vurmaq qərarına gəlib və onun üz nahiyəsinə bir dəfə kəllə zərbəsi endirib. Elnur yaxınları tərəfindən hadisə yerindən aparılaraq xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Həsənə Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə, yəni qəsdən ağır xəsarət yetirmə və ehtiyatsızlıqdan ölümə səbəb olma ittihamı verilib. Məhkəmədə o, təqsirini etiraf edib.
Təqsirləndirilən şəxs ifadəsində Elnuru uzun müddətdir tanıdığını və hadisədən 3-4 ay əvvəl onun nalayiq sözlərlə zarafat etdiyini bildirib. Həsən deyib ki, Elnura iradını çatdırıb, lakin həmin vaxt aralarında mübahisə olmayıb. Onun sözlərinə görə, Elnur hər gün spirtli içki qəbul edir, Həsən isə dəfələrlə bundan çəkinməsini istəyib.
Həsənin ifadəsinə əsasən, hadisə günü saat 23 radələrində Ağdaşdakı çay evinə gedərək Şahinlə bir masada əyləşib. Bir müddət sonra sərxoş vəziyyətdə gələn Elnur onlara qoşulub. Zarafatlaşdıqları vaxt Elnurun başındakı eynək masanın üstünə düşüb və sınıb. Sözlü mübahisə yaranıb, Şahinin müdaxiləsindən sonra əlbəyaxa dava baş verməyib və Elnur masadan uzaqlaşdırılıb.
Həsən təxminən bir saat terrasda oturduqdan sonra üşüdüyünə görə zala keçdiyini və barın qarşısındakı divanda əyləşdiyini bildirib. O, telefonunu “Bluetooth” vasitəsilə çay evinin maqnitofonuna qoşaraq musiqiləri dəyişib. Həsənin dediyinə görə, Elnur zalın o biri tərəfində pivə içib, həmin müddətdə isə bir neçə dəfə ona söz atıb.
Təqsirləndirilən şəxs bildirib ki, saat 02 radələrində Elnur əlində pivə bakalı ilə onun masasına yaxınlaşıb, “DJ” deyərək mahnını dəyişməsini istəyib. Həsən Elnurdan nə istədiyini qışqıraraq soruşduğunu, aralarında qısa söz mübahisəsi yarandığını deyib. Elnur ona nalayiq ifadə işlədikdən sonra özünü saxlaya bilməyən Həsən ayağa qalxaraq onun ağız və burun nahiyəsinə kəllə zərbəsi vurub. Elnur zərbədən yıxılıb.
Həsənin sözlərinə görə, təxminən 20 dəqiqə sonra Elnur özü yeriyərək terrasdan zala gəlib, daha sonra Şahin onu yenidən terrasa aparıb. Həsən isə Ülvi və Məliklə birlikdə çay evindən çıxaraq evə yollanıb.
Elnurun həyat yoldaşı və iş üzrə hüquqi varis Solmaz məhkəmədə ərinin mütəmadi spirtli içki qəbul etdiyini, Ağdaşdakı çay evində işlədiyini söyləyib. Onun bildirdiyinə görə, hadisədən 3-4 gün əvvəl Elnur həmin çay evinə getməyi dayandırmışdı.
Solmaz deyib ki, hadisə gecəsi saat 03-04 radələrində Bakı şəhərində yaşayan oğlu Namil zəng edərək çay evinin sahibi Şahinin Elnuru sərxoş halda evlərinin qarşısına gətirdiyini bildirib. Oğlu daha sonra atasının həyətdəki divana uzadıldığını söyləyib. Solmazın sözlərinə görə, Şahin onun qardaşı Mətləbə də zəng etsə də, Elnurun döyülməsi və xəsarət alması barədə xəbər verməyib.
Hüquqi varis səhər saat 09:30-da evə çatanda Elnurun üzünün qan içində olduğunu və xırıldadığını görüb. O, qonşuları Səlimə və onun həyat yoldaşı Nemətdən kömək istəyib. Səlimənin təcili yardıma zəng etməyi məsləhət görməsindən sonra Solmaz həmin xidmətə müraciət edib. Gələn əməkdaşlar Elnura naşatır spirti iylədib, lakin o reaksiya verməyib. Elnur əvvəlcə xəstəxananın Acil şöbəsinə, sonra Reanimasiya şöbəsinə yerləşdirilib və orada vəfat edib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən 10 il azadlıqdan məhrum olunub. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi müəyyən edilib.