QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Prezident İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsi ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrik məktubunda İlham Əliyev Latviyanın milli bayramı münasibətilə həmkarına və ölkə xalqına Azərbaycan xalqı adından xoş arzularını çatdırıb.

Prezident Azərbaycan-Latviya əlaqələrinin zəngin ənənələr üzərində inkişafına önəm verdiyini bildirib. O, ikitərəfli münasibətlərin yüksələn xətt üzrə irəliləməsindən və yeni məzmun qazanmasından məmnunluğunu ifadə edib.

Məktubda qeyd olunub ki, Edqars Rinkeviçsin aprel ayında Azərbaycana rəsmi səfəri dövlətlərarası əlaqələrin yeni mərhələyə yüksəlməsi və əməkdaşlıq sahələrinin genişlənməsi üçün əlverişli şərait yaradıb.

İlham Əliyev xalqların rifahı naminə Azərbaycan-Latviya dostluq və strateji tərəfdaşlığının gücləndirilməsinə, eləcə də ikitərəfli və Avropa İttifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsinə dair birgə səylərin davam edəcəyinə inandığını vurğulayıb.

Təbrikinin sonunda Prezident latviyalı həmkarına cansağlığı, xoşbəxtlik və məsul fəaliyyətində uğurlar, Latviya xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.